Azərbaycan gömrükçüləri İran vətəndaşının üzərində narkotik vasitə və psixotrop maddə aşkar edib

Hadisə
  • 26 sentyabr, 2017
  • 05:50
Azərbaycan gömrükçüləri İran vətəndaşının üzərində narkotik vasitə və psixotrop maddə aşkar edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.

Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.

Metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və həbin 1/2 miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə