Ali Məhkəmə Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsin cəzasını azaldıb
- 15 noyabr, 2017
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 noyabr. REPORT.AZ/ Ali Məhkəmədə Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Babayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti qismən təmin edilib. Belə ki, R.Babayevin barəsində təyin edilən 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə qədər endirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib.
İttiham aktına əsasən, R.Babayev Nardaran qəsəbəsində DİN əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib. Onun yaşadığı Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, ev 53 ünvanda 2015-ci ilin noyabr ayının əvvələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi "UZRQM" alışdırıcısı ilə birlikdə 1 ədəd “F-1” qəlpəli əl qumbarası, “UZRQM” alışdırıcısı ilə birlikdə 1 ədəd “RQD-5” qəlpəli qumbarası, istifadəyə yararlı 9 ədəd 7,62 mm kalibrli patronlar aşkar edilib.
R.Babayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə R.Babayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, barəsində bəraət hökmünün çıxarılması barədə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı şikayəti təmin edilməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.