UEFA "Qarabağ"ın rəqibinin futbolçusunu 10 aylıq cəzalandırıb
- 08 sentyabr, 2025
- 14:42

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan İspaniyanın "Atletik" klubunun müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.
"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Alvares ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra dopinq testi verib və müsbət nəticə göstərib.
Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.
Qeyd edək ki, 30 yaşlı Alvares 2016-cı ildən "Atletik"də çıxış edir. O, komanda ilə 2021-ci ildə İspaniya Superkubokunu, 2024-ci ildə isə İspaniya Kubokunu qazanıb.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.