"Turan Tovuz" rəsmisi: "Azarkeşlərin "istefa" qışqıracaqlarını bir həftə öncədən bilirdik"

Futbol
  • 10 aprel, 2023
  • 08:16
Turan Tovuz rəsmisi: Azarkeşlərin istefa qışqıracaqlarını bir həftə öncədən bilirdik
Nadir Nəbiyev

"Azarkeşlərin "istefa" qışqıracaqlarını bir həftə öncədən bilirdik".

Bunu "Report"a açıqlamasında "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyununda bəzi azarkeşlərin baş məşqçi Ayxan Abbasovun qovulması ilə bağlı çağırışlarına münasibət bildirərkən deyib.

Funksioner bunu təşkil edən şəxslərin kimliklərinin onlara məlum olduğunu, lakin ad açıqlamaq istəmədiyini söyləyib: "Fikirləşirdik ki, insandır, bəlkə də etməz. Onlar azarkeş yox, tamaşaçılardır. Eləsi var ki, mövsüm ərzində bəlkə də birinci dəfə stadiona gəlir. Əvvəlcə Ayxan Abbasova, onun yığdığı komandaya baxsınlar. Nə vaxt rəhbərlik bizdən nəticə tələb etsə, mətbuata açıqlama verəcəyik ki, avrokuboklar uğrunda oynayırıq. O zaman “Turan Tovuz” indiki mövqeyində olsa, fanatlar gəlib desinlər ki, söz vermişdiniz, niyə etmədiniz. Başa düşürəm, komandanın qalib gəlməsini istəyirlər. Amma 2-3 nəfərin istefa qışqırması, uşaqları da bu işə məcbur etməsi düzgün deyil. Biz kiməsə deyə bilmərik ki, bu ifadəni işlətmə. Bu problemin klubların əksəriyyətində var. Məsələ ondadır ki, bu cür hallar niyə bölgə komandalarında yaşanır? Sən oyundan öncə belə bir təbliğat aparırsansa, deməli məqsədin başqadır".

İcraçı direktor bildirib ki, bu mövsüm qarşıda duran əsas vəzifə Premyer Liqada qalmaqdır: "Nə çempionluq, nə də mükafatlar uğrunda oynayırıq. Baş məşqçidən də belə bir tələbimiz olmayıb. Əsas hədəfimiz elitadakı yerimizi qoruyub gələcəyin komandasını qurmaqdır. Adlarını çəkməyəcəyəm, bəzi klublarımız var ki, yüksək yerlər uğrunda oynayırlar, amma neçə turdur qələbə qazana bilmirlər. Məqsədimiz hər matçda maksimum xal toplamaqdır. Düzdür, müəyyən görüşlərdə xallar qazansaq da, komanda tam olaraq istədiyimiz oyunu sərgiləmir. Bəzi qarşılaşmalarda isə yaxşı çıxış etsək də, xalsız qalmışıq. Hə, bu oyun növbəti mövsümdə də olsa, o zaman azarkeşin nəticə istəməyə, mətbuatın klubu tənqid etməyə haqqı olar. 9 ildən sonra Premyer Liqaya çıxan komandadan yüksək nəticə tələb etmək doğru deyil. Bunu azarkeşlərimizlə söhbətlərdə onların özlərinə də demişik".

Nəbiyevin sözlərinə görə, əsl azarkeşlər və klub rəhbərliyi baş məşqçinin arxasındadır: "Komandamız kubokun yarımfinalındadır, çətin rəqiblə ("Neftçi"ni nəzərdə tutur - E.S.) qarşılacaq. Bu matçları ümidlə gözləyirik. Finala çıxsaq, bizim üçün böyük uğur olacaq. Yarımfinalda uduzmağı isə uğursuzluq kimi qəbul etməyəcəyik. Çünki bu mərhələyə yüksəlməyin özü belə, böyük nailiyyətdir. Daim yanımızda olan sadiq azarkeşlərimiz var ki, oyundan sonra həm komandanı, həm də Ayxan müəllimi dəstəklədilər. Başa düşürük, fanatlar da qələbə qazanmağımızı, yüksək yerlərdə olmağımızı istəyirlər. Amma gəlin görək, klubun büdcəsi, heyəti buna imkan verirmi? 29 xalla 6-cı yerdə gedirik. Hərdən özümüz də çaş-baş qalırıq ki, azarkeş nə istəyir? Hər oyun qələbə gözləyirlər? Bəlkə 2 və ya 3-cü sırada olmağımızı istəyirlər? Təbii ki, bunu biz də arzulayırıq. Amma reallıq var. Əlavə büdcəmiz yoxdur. Zamanında futbolçu gətirməyə pulumuz olmayıb. Büdcəmizə uyğun komanda formalaşdırmışıq. Elə şeylər var ki, onları mətbuata açıqlamaq olmur. Bunu özümüz, yanımızda olan insanlar bilirlər".

O, yeni sponsorun da baş məşqçiyə inandığını əlavə edib: "Bu səbəbdən ilk iş Ayxan Abbasovla 3 illik yeni müqavilə imzalamaq oldu. Halbuki mövsümün sonunu gözləyə bilərdik. Bütün klublara dövlət tərəfindən vəsait ayrılır. Bu gün yeni sponsor olmasaydı, mövsümün sonunu gözləyəcəkdik. Amma sponsor komandanın nəticələrini, oyununu gördü, bəyəndi və dedi ki, biz uzunmüddətli sözləşmə imzalamaq istəyirik".