Rusiyanın "Torpedo" klubunun keçmiş baş direktoru hakimlərə rüşvət verməkdə təqsirli bilinib
- 13 iyul, 2026
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın "Torpedo" (Moskva) futbol klubunun keçmiş baş direktoru Valeri Skorodumov hakimlərə rüşvət verməkdə təqsirli bilinib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvanın Simonovski rayon məhkəməsi bu barədə qərar çıxarıb.
O, idman tədbirlərinin nəticələrinə qanunsuz təsir göstərməkdə təqsirli hesab edilib. Sabiq baş direktor günahını etiraf edib. Prokurorluq onun iki il yarım həbs cəzası və üç il idman sahəsində fəaliyyət göstərməkdən məhrum edilməsini istəyib.
2025-ci ilin yay aylarında Skorodumov və "Torpedo"nun əvvəlki həmtəsisçisi Leonid Sobolev I Liqada komandanın matçlarının nəticələrinə hakim vasitəsilə qanunsuz şəkildə təsir etmək cəhdi ittihamı ilə açılmış cinayət işi çərçivəsində şübhəli şəxs qismində müəyyən ediliblər. May ayında Skorodumovun 13 hakimə rüşvət verməkdə ittiham olunduğu rəsmən açıqlanıb.
2024/2025 mövsümündə "Torpedo" I Liqada ikinci yeri tutub və Rusiya Premyer Liqasına (RPL) yüksələcəyi gözlənilirdi. Lakin cinayət işi başlandıqdan sonra klub yüksək diviziondan xaric edilib. Ötən mövsüm Moskva komandası I Liqada doqquzuncu yeri tutub.