Qəzənfər Abbasov MOİK klubunun baş məşqçi postundan ayrılmasının səbəblərini açıqlayıb
- 19 mart, 2025
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Qəzənfər Abbasov Azərbaycanın I Liqa təmsilçisi MOİK-in baş məşqçi postundan ayrılmasının səbəblərini açıqlayıb.
Mütəxəssis “Report”a açıqlamasında qərarının səbəbinin şəraitsizliklə bağlı olduğunu bildirib.
O, müraciətlərinə müsbət yanaşılmadığını söyləyib:
“Əsas səbəb şəraitlə bağlıdır. Kluba yanvarda yeni rəhbərlik gəlib. Dəfələrlə onlara şəraitin normallaşdırılmasının vacibliyi ilə bağlı fikirlərimi bildirsəm də, bunu etmədilər. Əslində, çox sadə, futbol üçün lazım olan şərtlərdir. Məsələn, komanda üçün avtobus, məşqlər zamanı su təşkil olunmasını və mükafat istəyirdim. “Mingəçevir”lə oyuna bir gün əvvəldən getmişdik. Məşq üçün stadiona ödəniş olunmalı idi, bunu etmədilər. Komandadan ayrılmağımın səbəbi təkcə bu deyil, ümumi şəraitlə bağlıdır. I Liqada çıxış edən komandanın idman geyimi dəsti yoxdur. Məşqlərə, oyunlara hərə bir formada çıxır. Bu isə peşəkar komandaya yaraşmır”.
Məşqçi son vaxtlar komandaya müdaxilə olunduğunu da nəzərə çatdırıb:
“Son vaxtlar komandaya müdaxilə də olunurdu. Bu isə artıq “səbr kasası"nı daşırdı. Maaşla bağlı bir söz deyə bilmərəm. Çünki futbolçular maaşlarını vaxtında alırdılar. Klubun heç kimə borcu yoxdur. Amma futbol təkcə maaşla ölçülmür. Onsuz da AFFA klublara pul ayırır. Sadəcə, oyunlar üçün mükafat verilmir. MOİK I Liqada ən zəif şəraitə malik komandalardandır. Hazırda komandaya köməkçilərimdən biri rəhbərlik edir. Amma yeni baş məşqçinin kim olacağı, rəhbərliyin gələcək planları haqqında məlumatlı deyiləm”.
Qeyd edək ki, MOİK I Liqada 18 oyundan sonra 22 xalla altıncı pillədə qərarlaşıb.