Namik Ələskərov: "Yaxşı nəticə üçün var gücümüzü ortaya qoyacağıq"

Futbol
  • 23 mart, 2021
  • 18:05
Namik Ələskərov: Yaxşı nəticə üçün var gücümüzü ortaya qoyacağıq
Namik Ələskərov

"Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin futbolçusu Namik Ələskərov AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, təqvimdən şikayətlənməyə əsas yoxdur: "İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir. Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.

Yığmanın müdafiəçisi Bəhlul Mustafazadə isə verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışacaqlarını söyləyib: "Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik. Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm. Verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacağıq".

O, rəqibin oyununu yaxşı analiz etdiklərini vurğulayıb: "Əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq. Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır”.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

44 filmi