Orxan Məmmədov: "Dövlət satınalmalarında KOB-un iştirak imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir"

Biznes
  • 22 oktyabr, 2026
  • 13:03
Orxan Məmmədov: Dövlət satınalmalarında KOB-un iştirak imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir

Dövlət satınalmalarında kiçik və orta biznes (KOB) subyektlərinin iştirak imkanlarının genişləndirilməsi və onlar üçün bərabər rəqabət şəraitinin yaradılması əsas hədəflərdən biridir.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarında rəqabətin təmin edilməsindən danışarkən bütün iştirakçılar üçün bərabər şəraitin və eyni imkanların yaradılmasının vacibliyi xüsusi qeyd olunmalıdır.

"Bu məqsədlə Dövlət Satınalmalarının Vahid İnternet Portalı yaradılıb. Elektron satınalmaların həyata keçirildiyi bu portal mütəmadi olaraq təkmilləşdirilir. Dövlət satınalmaları sahəsində əsas hədəflərimiz dövlət büdcəsi vəsaitlərindən qənaətlə və səmərəli istifadəni təmin etmək, satınalmalarda əlçatanlığı artırmaq, kiçik və orta biznes subyektlərinin iştirakını təşviq etmək və genişləndirmək, eləcə də effektiv rəqabət mexanizmi formalaşdırmaqdır", - deyə O. Məmmədov bildirib.

O qeyd edib ki, satınalma proseslərini daha effektiv şəkildə idarə etmək məqsədilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) yeni rəqəmsal həll yolu tətbiqə başlanıb: elan edilən satınalmaların şərtlər toplusu bundan sonra süni intellekt texnologiyası ilə avtomatik qaydada təhlil edilir və yoxlanılır.

"Yoxlama nəticələri satınalan təşkilatlar üçün tövsiyə mahiyyəti daşıyır. Tətbiq olunan sistem texniki səhvləri, hüquqi uyğunsuzluqları, həmçinin hər hansı təchizatçıya əsassız imtiyaz yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələbləri ilkin mərhələdə müəyyən edir. Bu yanaşma rəqabət mühitinin qorunmasına xidmət edir, şikayətlərin sayının və prosedurların ləğvi risklərinin azaldılmasına şərait yaradır. Süni intellektin tətbiqi prosesində satınalan təşkilatlarla maarifləndirici xarakterli görüşlər təşkil edilib, onların irad və təklifləri nəzərə alınıb. Sistem müntəzəm olaraq yenilənir və təkmilləşdirilir", - O. Məmmədov əlavə edib.

Onun fikrincə, rəqəmsallaşma elə bir vasitədir ki, ölkənin istənilən bölgəsində yerləşməsindən asılı olmayaraq, hər bir vətəndaş üçün əlçatandır: "Yalnız satınalma sahəsində deyil, bütövlükdə regionlarda maarifləndirmə səviyyəsinin fasiləsiz yüksəldilməsinə zərurət var. Biz müntəzəm qaydada həm Naxçıvan Muxtar Respublikasında, həm də ölkənin müxtəlif bölgələrində maarifləndirmə tədbirləri həyata keçirmişik. Paralel olaraq, bu tədbirləri onlayn platformalar üzərindən də təşkil edirik ki, hər kəs üçün əlçatan olsun.

Bu sahədə fəaliyyəti daim inkişaf etdirmək zəruridir. Gələcək addımlarımız çərçivəsində regionlarda ardıcıl maarifləndirmə tədbirlərinin reallaşdırılmasını nəzərdə tutmuşuq.

Hər bir iştirakçının bu prosesə öz töhfəsini verməsi əhəmiyyətlidir və heç bir iştirakçı prosesdən kənarda qalmamalıdır. Bu məqsədlə maarifləndirmə tədbirlərini yüksək keyfiyyətdə təşkil etməliyik.

Əmin ola bilərsiniz ki, regionlardan vətəndaşlar müraciət etdikdə həm rəhbərlik, həm də satınalma bloku səviyyəsində görüşlərin keçirilməsinə açığıq və bu müraciətlərə təcili şəkildə cavab veririk.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, maarifləndirmə tədbirləri regionlarda fiziki formatda nə qədər geniş miqyasda həyata keçirilsə də, bu istiqamətdə işin daha da genişləndirilməsi labüddür. Gələcək planlarımızda bu cür tədbirlərin sayını artırmağa səy göstərəcəyik".

O. Məmmədov açıqlayıb ki, dövlət satınalmaları sahəsində ixtisaslı mütəxəssislərin yetişdirilməsi məqsədilə yeni layihə reallaşdırılacaq. Onun fikrincə, ilk növbədə akademik təhsil böyük əhəmiyyət daşıyır: "Çünki ixtisaslı kadrların formalaşdırılması və sahənin əsaslı şəkildə öyrənilməsi zəruridir. Regionlarda əsas problemlərdən biri bu sahə üzrə mütəxəssislərin sayının aşağı olması ilə əlaqədardır.

Artıq bir neçə ildir ki, Bakı şəhərində və müəyyən regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə dövlət satınalmaları və digər fəaliyyət istiqamətlərimiz üzrə birgə iş aparırıq. Bu çərçivədə tələbələrə müvafiq sahələr üzrə müxtəlif dərslər və təlim proqramları təqdim edirik. Amma bir və ya iki dərslə şəxsi satınalma sahəsinin mütəxəssisinə çevirmək qeyri-mümkündür. Bu məqsədlə hazırladığımız layihə mövcuddur. Hazırda onunla bağlı prosedurlar davam etdiyindən təfsilatlı məlumat vermək imkanımız yoxdur. Lakin layihə bilavasitə bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə istiqamətlənib"

Onun fikrincə, peşəkarların formalaşması son dərəcə əhəmiyyətli amildir:

"Biz rəqəmsallaşmanı tətbiq edə, qanunvericilik bazasını təkmilləşdirə bilərik. Ancaq bu sistemlərlə işləyən, xüsusən satınalan qurumlarında çalışan ixtisaslı mütəxəssislərin mövcudluğu zəruridir. Müşahidələr göstərir ki, bəzi hallarda texniki xətalar məhz peşəkar bilik və bacarıqların lazımi səviyyədə formalaşmaması nəticəsində meydana gəlir. Təchizatçılarla keçirilən görüşlərimiz zamanı da bəzən müxtəlif narazılıqlarla üzləşirik. Lakin məsələni araşdırdıqda onlara izah edirik ki, qaldırdıqları mövzu şikayət predmeti sayılmır. Yəni onların yanaşması şikayətin mahiyyətinə tam cavab vermir. Məsələnin kök səbəblərini dərindən analiz etdikdə isə bunun peşəkarlıq səviyyəsinin adekvat olmaması ilə bağlı olduğu aşkarlanır.

Bu səbəbdən bir sıra layihələrimizdə ixtisaslı mütəxəssislərin hazırlanmasını planlaşdırmışıq. Həm daxili imkanlardan, o cümlədən daxili akademiyalardan, həm də beynəlxalq ekspertlərin təcrübəsindən yararlanmaqla bu sahənin inkişafına dəstək vermək niyyətindəyik. Bizim üçün çox arzuolunan haldır ki, əməkdaşlar işə qəbul olunduqdan sonra deyil, hələ təhsil mərhələsindən başlayaraq satınalma, rəqabət və digər əlaqəli sahələr üzrə peşəkar biliklərə sahib olsunlar. Bəli, bu istiqamətdə fəaliyyətimiz davam edir və ümid edirik ki, qısa və ya ortamüddətli perspektivdə bu məsələlər müsbət nəticə ilə həll olunacaq".

44 filmi