MMX: Məxfi məlumatlarla işləmək üçün süni intellektdən istifadə edirik

Maliyyə
  • 22 oktyabr, 2026
  • 13:19
MMX: Məxfi məlumatlarla işləmək üçün süni intellektdən istifadə edirik

Maliyyə Monitorinq Xidmətində (MMX) Məxfi məlumatlarla işləmək üçün daxili süni intellekt sistemi yaradılıb.

"Report" xəbər verir ki, bunu MMX-nın Əməkdaşlıq və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Süni intellektdən yararlanırıq və müxtəlif mənbələrdən daxil olan məlumatlar yoxlanılır. Bu, eyni zamanda, yanlışlıqların müəyyən edilməsinə də kömək edir. Belə ki, bir mənbədən əldə edilən məlumat digər mənbələr tərəfindən təsdiqlənmədikdə, süni intellekt bu uyğunsuzluğu aşkar edir və ekspertə məlumat verir. Vurğulamaq lazımdır ki, tətbiq etdiyimiz süni intellekt lokallaşdırılmış, yəni daxili sistemdir. Çünki işlədiyimiz məlumatlar məxfi, konfidensial və həssas xarakter daşıyır. Buna görə də məlumatların təhlükəsizliyinin və məxfiliyinin qorunması baxımından yalnız lokallaşdırılmış süni intellektdən istifadə oluna bilər. Bunun üçün isə sistemin müvafiq qaydada öyrədilməsi vacibdir", - deyə o qeyd edib.

MMX rəsmisi həmçinin deyib ki, süni intellekt mövcud məlumat bazası, nümunələr, tipologiyalar və beynəlxalq təcrübə əsasında öyrədilir: "Bu prosesdən sonra sistem məlumatların təhlilində bizə kömək edir. Belə ki, süni intellekt şübhəli əməliyyatlarla bağlı məlumatları yoxlayır, müxtəlif xüsusiyyətlər əsasında risk skorunu hesablayır, vizuallaşdırılmış profillər hazırlayır və ekspertə risk səviyyəsini müəyyənləşdirməkdə dəstək verir. Risk səviyyəsi yüksək olduqda isə ekspertə həmin məlumatların əlavə yoxlanılması barədə xəbərdarlıq edir. Lakin son qərarı ekspert verməlidir, bu, birmənalıdır. Süni intellekt burada yalnız yardımçı rol oynayır. Ekspert araşdırma apardıqdan və qərarını verdikdən sonra nəticə barədə süni intellekt sisteminə də geri bildiriş təqdim edir. Bunun sayəsində sistem yeni nəticələr əsasında öyrənir və zaman keçdikcə daha da təkmilləşir. Qeyd etdiyiniz problemlərin aradan qaldırılması üçün balanslı yanaşma vacibdir. Süni intellekt, şübhəsiz ki, faydalı və səmərəli vasitədir. Bununla belə, yekun qərarı yalnız insan verməlidir".

44 filmi