Mahmud Qurbanov: "Artıq “Şamaxı” ilə “Sumqayıt”ın da I Liqaya düşmək təhlükəsi var"

Futbol
  • 26 fevral, 2025
  • 15:53
Mahmud Qurbanov: Artıq “Şamaxı” ilə “Sumqayıt”ın da I Liqaya düşmək təhlükəsi var

Artıq durum fərqlidir və “Şamaxı” ilə “Sumqayıt”ın da I Liqaya düşmək təhlükəsi var.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov cari mövsümdə Misli Premyer Liqasında çıxış edən komandaların durumu haqqında danışarkən deyib.

Mütəxəssis yarışın sonuna yaxın daha gərgin oyunlar olacağını düşünür:

“Qış fasiləsindən əvvəl "Kəpəz”lə “Səbail”in elitada qalmaq uğrunda mübarizə aparacağını düşünürdük. Artıq durum fərqlidir və “Şamaxı” ilə “Sumqayıt”ın da I Liqaya düşmək təhlükəsi var. Bu komandalar rahat ola bilməzlər. Çünki “Səbail”lə “Sumqayıt” arasında xal fərqi böyük deyil. Düzdür, qış fasiləsindən əvvəl çox idi. “Kəpəz”lə “Səbail” xal fərqini azaldıb. Proqnoz vermək çətindir. Çempionat finişə yaxınlaşdıqca daha gərgin oyunlar olacaq. Komandalar arasında şəxsi oyunlar əhəmiyyətli rol oynayacaq. Turnir cədvəlinin aşağısında sıxlıq yaranıb”.

O, bölgə təmsilçislərinin ölkənin əsas çempionatında iştirak etməsinin vacibliyini vurğulayıb:

“Gələn mövsüm komandaların sayını 12-yə çatdıracaqlar. Bu, yaxşı haldır. Neçə illərdir mütəxəssislər 10 komandanın az olduğunu deyirlər. Futbolun inkşafı üçün bölgələrdə də klublar olmalıdır. Yeni mövsümdə I Liqadan 3 komanda gələcək. Böyük ehtimalla hamısı bölgə təmsilçiləri olacaq. Strategiya qəbul ediblər. Bunun həyata keçməsi üçün komandaların sayının artırılması məqsədəuyğundur”.

Qeyd edək ki, Misli Premyer Liqasında 24 turdan sonra "Sumqayıt" 7-ci (22 xal), "Şamaxı" 8-ci (21 xal), "Kəpəz" 9-cu (19 xal), "Səbail" isə sonuncu  - 10-cu (18 xal) pillədə qərarlaşıb. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən cari mövsüm Misli Premyer Liqasını sonuncu pillədə başa vuracaq komanda I Liqaya düşəcək. Aşağı dəstədən isə 3 komanda elitaya yüksələcək.