"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
- 15 sentyabr, 2025
- 16:08

"İmişli" Misli Premyer Liqasının IV turunda, "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana buraxılmasına görə texniki məğlubiyyətlə üzləşərsə, apellyasiya şikayəti verəcək.
Bunu "Report"a açıqlamasında bölgə klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, xoşagəlməz hadisəni bu cür şərh edib:
"İbrahim Əliyevin adı protokolda olmasa da, bütün tərtib olunan siyahılarda yer alıb. Araşdırıb baxsınlar, bu futbolçunun heç bir cəzası və meydana çıxmaqla bağlı qadağası yoxdur. Sadəcə, yekun heyət göndərilərkən, onun adı düşməyib. Fikrimcə, həmin vaxt internetdə yaranan problemə görə belə hal yaşanıb. Təəssüf hissi keçiririk. 90 dəqiqə ərzində qalib gəldiyimiz matça görə 0:3 hesablı texniki məğlubiyyət almaq istəmirik. Belə bir hal baş verərsə, apellyasiya şikayəti verəcəyik. İstəyimiz odur ki, məsələyə ədalətli baxılsın. Bu bir qəza idi, baş verdi".
Klub rəsmisi yaranmış vəziyyətə görə özünü günahkar bilib:
"İstənilən halda, məsuliyyət mənə aiddir. Protokol hazırlanır və ən sonda mənə gəlir, mən də baxdıqdan sonra təsdiq verirəm. Yenə deyirəm, belə bir hal yaşanmamalı idi. Baş veribsə, məncə, ədalətli yanaşılmalıdır. Bu, bilərəkdən baş verməyib. Üstəlik, həmin futbolçunun heç bir cəzası yoxdur. Sadəcə, yanlışlıqla adı siyahıya salınmayıb".
Qeyd edək ki, "Sumqayıt"la qarşılaşan "İmişli" 1:0 hesablı qələbə qazanıb. Lakin Aran təmsilçisi adı protokolda olmayan futbolçunu - İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alacaq.