FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
- 23 noyabr, 2026
- 20:15
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb.
"Report" xəbər verir ki, bununla bağlı qərar FIFA-nın onlayn formatda təşkil olunan növbədənkənar Konqresində qəbul edilib.
Beləliklə, 2031-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına ABŞ, Meksika, Kosta-Rika və Yamayka ev sahibliyi edəcək. 2035-ci il mundialı isə Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uelsdə təşkil olunacaq.
Hər iki turnirin keçirilməsi üçün FIFA-ya yalnız bir namizədlik müraciəti daxil olub.
Qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada baş tutacaq. Həmin turnirdə 32 milli komanda mübarizə aparacaq.
2031 və 2035-ci illərdə keçiriləcək dünya çempionatları isə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq.