Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 20:20
Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır

Ukrayna NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır, çünki bu cür zəmanətlər olmadan Rusiya ilə müharibə başa çatdıqdan sonra onun gələcəyini təsəvvür etmək mümkün deyil.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Berlində alyansın baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında Almaniya kansleri Fridrix Merts bəyan edib.

"Açığı, mən, Ukraynanın gələcəyini kəskin ehtiyac duyduğu bu cür təhlükəsizlik zəmanətləri olmadan təsəvvür edə bilmirəm", - kansler bildirib.

Onun sözlərinə görə, bu zəmanətlər təkcə Ukraynanın özünə deyil, həm də bütün Avropaya lazımdır, çünki Rusiya o cümlədən Almaniya, Finlandiya, Danimarka və Polşaya təsir edən hərbi hücumlar və kiberhücumlar həyata keçirir.

Kansler həmçinin Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzvlük perspektivləri ilə bağlı mövqeyini dəstəkləyərək xatırladıb ki, alyans hələ 2008-ci ildə Buxarest sammitində onun daxil olması məsələsini nəzərdən keçirmişdi.

"Bu gün geriyə baxarkən hamımız görürük ki, 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində Ukraynanın NATO-ya qəbul edilməsinə dair ABŞ-nin təklifinə əməl etməmək necə bir səhv idi. Əgər o vaxt alyansın üzvü olsaydı, çox güman ki, bu müharibədən yayınmaq mümkün olardı", - o bəyan edib.

Sülh yolu ilə nizamlanma perspektivlərindən danışan Merts bildirib ki, Avropa Rusiya ilə danışıqlar aparmağa hazırdır. Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna - Rusiya - Avropa - ABŞ formatında müşavirlər səviyyəsində məsləhətləşmələr bərpa oluna bilər. O, danışıqların aparılması üçün mümkün məkanlardan biri kimi Əbu-Dabinin adını çəkib.

Merts həmçinin Almaniya və müttəfiqlərinin Kiyevə dəstəyi davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, NATO-nun Ankara sammitində müttəfiqlər 2026 və 2027-ci illərdə Ukraynaya hər il 70 milyard avro ayırmağı öhdələrinə götürüblər.