Bəhruz Nəbiyev: "Əvvəldən bu çempionatın favoriti Azərbaycan yığması hesab olunurdu"
- 04 oktyabr, 2025
- 12:34

Azərbaycanın çövkən komandası əvvəldən III MDB Oyunlarının favoriti hesab olunurdu.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bunu Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Azərbaycan – Qazaxıstan oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, ilk öncə Azərbaycan millisini finala yüksəlməsi münasibəti ilə təbrik edib:
"Mən Azərbaycan yığımasını təbrik edirəm. Çünki yığmamız keçən il dünya çempioniu olub, bu il də Avropa çempionu oldu. Çökənin dünyaya yayılması, tanıdılması və inkişafı üçün bu cür turnirlərin keçirilməsi çox xeyirli olur. 2024-ci ildə Azərbaycanda Beynəlxalq Çövkən Federasiyası yarandı. Bu Azərbaycan idman tarixi üçün qızıl hərflərlə yazılası məsələ idi. Bu Azərbaycanda yaradılmış ilk beynəlxalq idman təşkilatı kimi tarixə düşdü. Bilirsiniz ki, ötən il Azərbaycanda 10 ölkənin iştirakı ilə dünya çempionatı keçirildi. Bu il isə artıq iki qitə çempionatı geridə qoyulub. Əvvəldən bu çempionatın favoriti Azərbaycan yığması hesab olunurdu. Nəticələr də onu göstərdi ki, bu fikri bildirənlər yanılmırdılar. Mən hər iki komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, biz bu gün Özbəkistan – Qırğızıstan matçında gözəl oyun görəcəyik, eyni zamanda düşünürəm ki, bu görüşün favoriti Özbəkistan komandasıdır və finalda çox güman ki, Azərbaycan – Özbəkistan oyununu izləyəcəyik. Hər iki komandaya bol uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycanın çövkən yığması III MDB Oyunlarında Qazaxıstana 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib.