Azərbaycan Premyer Liqasında XV tura yekun vurulur

Futbol
  • 08 fevral, 2022
  • 03:30
Azərbaycan Premyer Liqasında XV tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 26 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" 17 xalla 5-ci sırada yer alan "Sabah"ın qonağı olacaq. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu oyunların 6-da paytaxt təmsilçisi, 5-də əyalət klubu qələbə qazanıb. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahiblərinin üstünlüyü nəzərə çarpır - 17:14.

"Qəbələ" son üç qarşılaşmada meydanı qolsuz tərk etməyib. "Sabah"ın meydanındakı son üç görüşdə qol vuran komanda qalib gəlib.

Turun son oyunu "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. Hazırda "dənizçilər" 10 xalla autsayderdir. Rəqibindən 2 xal çox toplayan "gənclik şəhəri" təmsilçisi isə 7-ci pilləni tutur.

İki kollektiv Premyer Liqada daha əvvəl 16 dəfə qarşılaşıb. 6 oyun paytaxt təmsilçisinin, 8 görüş isə Sumqayıtın eyniadlı komandasının xeyrinə başa çatıb. 2 qarşılamada heç-heçə qeydə alınıb. Bu oyunlarda Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 13, Aleksey Baqanın rəhbərlik etdiyi komanda isə 17 qol vurub. Yeri gəlmişkən, bu, Baqanın "Sumqayıt"ın sükanı arxasına ölkə çempionatında debüt matçı olacaq.

Son dörd qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt” bu görüşlərdən yalnız birində uduzub.

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.

Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

44 - Tezliklə