Arif Əsədov: "Neftçi"nin hazırkı durumu, performansı "Dinamo"dan üstündür"
- 22 iyul, 2026
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin indiki durumu, göstərdiyi performans "Dinamo" (Minsk) komandasından yaxşıdır.
Bu barədə "Report"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.
O, komandalar arasında Bakıda keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında danışıb:
"Neftçi" - "Dinamo" matçı bizi sovet dövrünə qaytarır. Bu komandalar arasında bir neçə qarşılaşma baş tutub. Hər iki tərəfin qalib gəldiyi görüşlər də olub. Amma "Dinamo" daha çox turnir cədvəlinin üst pillələri uğrunda mübarizə aparırdı. "Neftçi" isə orta sıralarda yer alırdı. İndi isə durum dəyişib. "Neftçi"nin indiki durumu, performansı rəqibdən üstündür".
A.Əsədov Azərbaycan təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmaq şansının daha çox olduğunu söyləyib:
"Ağ-qaralar"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksələcəyini düşünürəm. Bu heç də asan olmayacaq. "Dinamo" gənc heyətə malikdir. Komandada Belarus millisinin üzvləri var, istəkli kollektivdir. "Neftçi"nin futbolçuları daha təcrübəli və keyfiyyətlidir. İlk qarşılaşmada münasib hesabla qələbə qazanmaq vacibdir. Biz də rəqibi çox tanımırıq. Azarkeş amilindən istifadə etməliyik. "Neftçi" meydana aqressiv və istəkli çıxmalıdır. Baş məşqçinin tapşırıqlarını hər oyunçu yerinə yetirsə, bugünkü matçda rahat qələbə qazanmaq olar".
Xatırladaq ki, "Neftçi" - "Dinamo" oyunu bu gün, saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək.