AMADA rəsmisi: “Ad Hoc Avropa Komitəsinə məruzəçi seçilmək böyük şərəfdir”
- 18 mart, 2025
- 17:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ad Hoc Avropa Komitəsinə gender bərabərliyi üzrə məruzəçi seçilmək mənim üçün böyük şərəfdir.
Bunu “Report”a açıqlamasında AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev Ad Hoc Avropa Komitəsinə (CAHAMA) gender bərabərliyi üzrə məruzəçi seçilməsinə münasibət bildirərkən deyib.
O, bunu həm də Azərbaycanın uğuru kimi qələmə verib:
“Mənim üçün böyük şərəfdir. Lakin bu, təkcə mənim deyil, bütövlükdə AMADA-nın və Azərbaycanın uğurudur. Seçkilərdə əksər ölkələrin namizədliyimi dəstəkləməsi beynəlxalq antidopinq ictimaiyyətinin ölkəmizə və fəaliyyətimizə yüksək etimad göstərdiyini sübut edir. Bu, Azərbaycanın antidopinq sahəsindəki prinsipial mövqeyinin və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin tanınmasının bariz nümunəsidir”.
O, antidopinq siyasətində gender bərabərliyinin vacib məsələlərdən biri olduğunu vurğulayıb:
“Antidopinq siyasətində gender bərabərliyi vacib məsələlərdən biridir. İdmanda bərabər imkanların təmin olunması və gender balansının qorunması üçün CAHAMA-nın digər üzvləri ilə birlikdə yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verməyə çalışacağam. Bu seçki AMADA üçün də mühüm bir mərhələdir. Agentliyimizin qlobal antidopinq platformalarındakı fəallığı və beynəlxalq səviyyədə gördüyü işlər Azərbaycanın idmanda dürüstlük və ədalətli rəqabət prinsipinə sadiqliyini bir daha sübut edir. Etimadı doğrultmaq və bu sahədə yeni nailiyyətlər qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Rüfət Efendiyev Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin 67-ci iclasında gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçilib.