"Formula-1" pilotu Oliver Berman Las-Veqas Qran-prisində 35 pilləlik cəza alıb
- 20 noyabr, 2026
- 10:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Haas" komandasının pilotu Oliver Berman güc qurğusu komponentlərinin limitini aşdığına görə "Formula-1" üzrə Las-Veqas Qran-prisinin start düzülüşündə 35 pilləlik cəza alıb.
"Report" "RacingNews365"ə istinadən xəbər verir ki, britaniyalı sürücünün bolidində daxiliyanma mühərriki, turbokompressor, işlənmiş qazların xaricetmə sistemi və MGU-K motor-generatoru dəyişdirilib.
Hər dörd detal mövsüm üçün icazə verilən kvotadan artıqdır. Reqlamentə əsasən, cəza 15 pillədən çox olduqda pilot təsnifat mərhələsinin nəticəsindən asılı olmayaraq avtomatik olaraq start düzülüşünün sonuna göndərilir.
"Aston Martin" sürücüsü Lans Stroll da cəzalandırılıb. Kanadalı idmançı yeni enerji toplayıcısı və idarəedici elektronika blokunun quraşdırılması səbəbindən 10 mövqe itirəcək.
Daha əvvəl güc qurğusunun komponentlərinin dəyişdirilməsinə görə Andrea Kimi Antonelli ("Mersedes"), Oskar Piastri ("Maklaren") və Karlos Sayns ("Uilyams") da cərimələniblər.
Qeyd edək ki, Las-Veqas Qran-prisinin təsnifat mərhələsi noyabrın 21-də, əsas yarış isə noyabrın 22-də keçiriləcək. İkinci sərbəst yürüşdə ən yaxşı nəticəni "Mersedes"in pilotu Corc Rassell göstərib.