Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən qayıdan idmançılarla görüş keçirilib
- 29 mart, 2018
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 mart. REPORT.AZ/ Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən qayıdan Azərbaycanın stolüstü tennis və üzgücülük üzrə yığma komandaları ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
"Report"un məlumatına görə, mərasimdə nazir müavini İsmayıl İsmayılov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Üzgüçülük Federasiyasının vitse-prezidenti Fərid Bənənyarlı, məşqçilər, idmançılar və digər şəxslər iştirak ediblər.
İ.İsmayılov III Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılara təşəkkür edib. O bildirib ki, Azərbaycan dövləti idmançılara böyük etimad göstərir: “Dünyada ən böyük idman tədbiri olimpiadadır. Gənclər həm də əsas Yay Olimpiya Oyunlarında iştirak edə biləcək iştirakçılardır. Yeniyetmələrin ilk olimpiadasına 12 lisenziya qazanılmışdı. İkinci olimpiadada isə bu say 22-yə çatmışdı. Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq çox çətindir. Hər birinizi təbrik edirəm. İdmançılara da təşəkkür edirəm ki, bu lisenziyaları qazandılar. Tennis və üzgüçülükdə lisenziya qazanmaq çox çətindir. Bəzən güclü idmançılar olimpiadada yaxşı çıxış etmir və ya əksinə olur. Bu rəqabətdə idmançılarımıza uğur qazanmağı arzu edirəm. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi idmançılarımıza stimul verməlidir. Azərbaycan idman ölkəsidir. Olimpiya Oyunlarında medal qazanmış idmançıların çoxu regionlardadır. Bu isə o deməkdir ki, regionda da idmanımız yaxşı inkişaf edir”.
F.Məmmədov əldə olunan uğurların Azərbaycanda idmanın inkişafından xəbər verdiyini vurğulayıb: “Gəncləri idmana cəlb etmək istəyirik. Stolüstü tennis çox ağır idman növüdür. Burada uğur qazanmaq çox çətindir. Çinin milli idman növüdür. Almaniya yığmasında da çinli idmançılar yer alıb. Hamımız bir yerdə olsaq, nəticələr də yaxşı olacaq”.
III Yay Olimpiya Oyunlarına lisenziya əldə edən tennisçi Xinhanq Yu Azərbaycan xalqına təşəkkür edib. Çinli legioner Oyunlardan yaxşı nəticə qazanması üçün əlindən gələni edəcəyini söyləyib.
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdülrəhmanov Maksim Şemberevin 4 qızıl medal qazanmasına diqqət çəkib: “Şemberev rekorda imza atdı. O, komandanın aparıcı idmançısıdır. 2019-cu il dünya çempionatında çıxış edəcək. Jilinada keçirilmiş yarış yaş kateqoriyalarına bölündüyü üçün azyaşlı idmançılarımızın da bazasını gördük. 700-ə yaxın idmançının arasında uğur qazanmaq təqdirəlayiqdir”.
Qeyd edək ki, Tunisdə stolüstü tennis üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Avropa təsnifat turnirində bütün rəqiblərini məğlub edən Yu Xinhangin Buenos-Ayresdə təşkil olunacaq olimpiadaya lisenziya qazanıb. Slovakiyanın Jilina şəhərində isə üzgüçülük üzrə açıq birincilikdə Azərbaycan milli komandasının üzvü Maksim Şemberev müxtəlif üsulla üzgüçülük yarışlarında 4 qızıl və 1 gümüş medal qazanıb. Fatimə Alkaramova isə 3 qızıl və 2 bürünc medal əldə edib.
Yığma üzvləri Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Alsu Bayramova 2 qızıl, 1 bürünc, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əlquliyev gümüş və Vəli İsrafilov isə bürünc medala yiyələniblər.