Şahmat tacı uğrunda görüşün keçirilə biləcəyi şəhərlər açıqlanıb

Fərdi
  • 24 dekabr, 2019
  • 12:46
Şahmat tacı uğrunda görüşün keçirilə biləcəyi şəhərlər açıqlanıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionluğu uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı gələn ilin yanvar ayında elan edəcək.

"Report"un məlumatına görə, bu barədə TASS-a FIDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlamasında bildirib.

O deyib ki, məkan qadınlar arasında keçiriləcək dünya çempionluğu uğrunda görüşdən sonra açıqlanacaq.

Dvorkoviç çempionluq mücadiləsinin Argentina və ya Dubayda keçirilə biləcəyini sözlərinə əlavə edib.

Federasiya rəhbəri 2020-ci il şahmat tacı uğrunda görüşün mükafat fondunun təxminən 2 milyon avro olacağını xatırladıb.

Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. Martın 15-dən aprelin 5-dək Yekaterinburqda keçiriləcək İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə Karlsenin rəqibi olacaq. Dünya Kubokunun qalibi olan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İddiaçılar Turnirində iştirak edəcək.