"Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib

Fərdi
  • 13 noyabr, 2025
  • 13:17
Qarabağa veloyürüş – Zəfərin izi ilə layihəsi həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi və "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağa veloyürüş – Zəfərin izi ilə" adlı layihə həyata keçirilib.

"Report"un məlumatına görə, layihə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" çərçivəsində gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, konstitusiya dəyərlərinə sadiqliyin təbliği və Qarabağın azad olunmuş torpaqlarında milli birliyin nümayişi məqsədilə gerçəkləşdirilib.

Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev və bir çox rəsmilərin iştirakı ilə baş tutan veloyürüş Ağdam rayonundan start götürüb və Xankəndi şəhəri istiqamətində davam edib. Ölkənin müxtəlif bölgələrindən toplanan 100-ə yaxın gənc peşəkar velosipedçi 44 kilometrlik marşrutu qət edərək Qarabağın simvolik məkanlarını birləşdirib. Bu məsafə 44 günlük Vətən müharibəsinin mənəvi rəmzi kimi seçilib.

Tədbir gənclərin Qarabağın sosial-iqtisadi dirçəlişinə, ekoturizmin və idman infrastrukturunun inkişafına diqqətin artırılmasına töhfə vermək məqsədi daşıyıb. Eyni zamanda, iştirakçılar bu ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Veloyürüşə Xankəndi şəhərində yekun vurulub. Tədbirdə layihənin nəticələri təqdim olunub və layihənin Qarabağda idmanın və gənclərin fəallığının inkişafına verdiyi töhfələr vurğulanıb. Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin sədri Vüqar Salahov təltifetmə mərasimində iştirak edərək bütün iştirakçılara təşəkkürnamə təqdim edib.

Son xəbərlər

Bütün Xəbər Lenti