Mingəçevirdə "Kürü keçək?! 5" yarışına start verilib

Fərdi
  • 08 avqust, 2026
  • 13:27
Mingəçevirdə Kürü keçək?! 5 yarışına start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışına start verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu il yarışa rekord sayda iştirakçı qatılıb.

Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.

Qeyd edək ki, "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfədir keçirilir. 2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.

Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparır.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilir: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.

Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, ilk olaraq 350 metr məsafədə yarışmaya start verildi.