AMADA-nın təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransın açılış mərasimi keçirilib

Fərdi
  • 13 noyabr, 2025
  • 10:27
AMADA-nın təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransın açılış mərasimi keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Bakıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), eləcə də digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, yerli və əcnəbi mütəxəssislər iştirak ediblər.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə tədbir iştirakçılarını salamlayıb.

O, konfransa qatılanlara təşəkkür edib:

"Bizim "İdmanda hüquq və ədalət" mövzumuz sadəcə proqramın adı deyil. Bu, təmiz dəyərlərin qorunmasına və etimadın qurulmasına yönəlmiş bir öhdəlikdir. Bütün tərəfdaşlarımıza bizə dəstək olduqları üçün minnətdaram. Burada və onlayn şəkildə bizə qoşulan bütün çıxışçılara, eləcə də səhnə arxasında səmimi şəkildə çalışan hər kəsə təşəkkür edirəm".

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Agentlikləri ilə əlaqələr üzrə meneceri Stefan Trinks tədbirin əhəmiyyətindən bəhs edib və AMADA-nın gördüyü işi yüksək qiymətləndirib.

Sessiyalar üzrə davam edəcək konfransda ədalətli və dürüst yarış, idmanda hüququn aliliyi, yeni antidopinq qaydalarının formalaşması, həmçinin idmanda insan hüquqları kimi mövzular müzakirə olunacaq.

Tədbirin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti