Bakıdakı "Formula 1" yarışlarından götürülmüş ümumi gəlirin məbləği açıqlanıb

Fərdi
  • 15 fevral, 2018
  • 11:16
Bakıdakı Formula 1 yarışlarından götürülmüş ümumi gəlirin məbləği açıqlanıb
Report/ Elshan Baba

Bakı. 15 fevral. REPORT.AZ/ İndiyədək Bakıda keçirilmiş "Formula 1" yarışları Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 277,3 milyon dollar gəlir gətirib.

"Report" xəbər verir ki, bu barədə PwC audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilir. Hesabatda yekun məbləğ yarışlar ərəfəsində "Formula 1"lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Ümumilikdə, birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşür. 113,1 milyon dollarlıq dolayı gəlirlər içərisində isə ən çox - 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidir.

Qeyd edək ki, Bakıda üçüncü dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi bu il 27-29 apreldə təşkil olunacaq.