Badminton Federasiyasının rəsmisi MDB Oyunlarına qatılacaq idmançıların hazırlıq prosesini izləyib
- 20 sentyabr, 2025
- 20:55

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Astara Olimpiya İdman Kompleksində 3-cü MDB Oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə oğlan və qız badmintonçularımızın hazırlıq prosesini izləyib.
"Report" xəbər verir ki, yığma baş məşqçi Morteza Validarvi, məşqçilər Cavanşir Əlizadə və Yevgeniy Poçtaryovun rəhbərliyi altında MDB Oyunlarına hazırlıqlarını davam etdirir.
Qəbələ Olimpiya İdman Kompleksində 5 kateqoriya üzrə keçiriləcək badminton yarışlarında Azərbaycan 18 idmançı (10 qız, 8 oğlan) ilə təmsil olunacaq.
Baş katib Ramil Hacıyev idmançılarla görüşdə MDB Oyunlarında iştirakın yeniyetmə badmintonçulara beynəlxalq təcrübə qazanmaq baxımından faydalı olacağını vurğulayıb.
Millinin baş məşqçisi Morteza Validarvi isə çıxışında 3-cü MDB Oyunlarına hazırlıqların plan üzrə getdiyini və bu turnirdə uğurlu nəticələr qazanmaq üçün əllərindən gələni edəcəklərini qeyd edib.
Qəbələ şəhərində keçiriləcək badminton yarışları 30 sentyabr - 5 oktyabrda baş tutacaq.