Azərbaycana karatenin kudo növündə ilk qızıl medalı qazandıran idmançı: "Bizə yuxu kimi gəlirdi"
- 17 may, 2023
- 14:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana bu idman növü üzrə ilk qızıl medalı qazandırdığım üçün fəxr edirəm. Kudo çox çətin idman növüdür. Gərgin məşqlərin sonunda buna nail olmaq qürurvericidir".
Bunu "Report"a açıqlamasında Yaponiyanın paytaxtı Tokioda karatenin kudo növü üzrə keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Vüsal Əliyev deyib.
O bildirib ki, Sevinc Mövsümzadə ilə birlikdə 27 ölkənin idmançıları arasında öz çəkilərində birinci yeri tutublar: "Hər çəki dərəcəsində, demək olar ki, yerli idmançılar ilk pilləyə layiq görüldülər. Yalnız iki çəkidə fərqli ölkələr - Azərbaycan və Kuba ilk sıranı tutdu. İndiyədək Azərbaycan bu idman növündə qızıl medal qazanmamışdı. Bizə yuxu, əlçatmaz iş kimi gəlirdi. Amma məşqçilərin, dəstək olan insanların sayəsində bunu bacardıq. Gecə-gündüz zaldan çıxmırdıq ki, bu nailiyyətə çataq. Allah əziyyətimizi yerdə qoymadı, istəyimizə çatdıq. Fəxr edirəm ki, bayrağımızı yüksəklərə qaldırdıq və "Dəmir Yumruğ"un gücünü həm döyüş meydanında, həm də idmanda bütün dünyaya göstərdik".
Əliyevin sözlərinə görə, kudonun çətinliyi özündə taekvondo, boks, tayboks, cüdo və digər bu gün döyüş növlərini birləşdirməsidir: "Nə qədər çalışıb güclü-qüvvətli olsan da, rəqibdən asılı olaraq vəziyyət dəyişə bilər. Yəni, tam hazır olduğun anda belə, bir zərbə ilə nokauta düşə bilərsən. Yəni, bura ən güclülərin liqasıdır".
Bu idman növünə atasının köməyi ilə gələn Sevinc Mövsümzadə isə deyib ki, dünya çempionatında iştirak əvvəlcə planda olmayıb: "Sonradan bildirdilər ki, yarışa gedəcəksən. Mən də razılaşdım və hazırlığa başladım. Atam sağ olsun, məni hazırlaşdırdı. Əziyyətini yerə vurmadım. Dünya çempionatında 27 ölkənin arasında birinci yeri tutmaq böyük nailiyyətdir. Kudo 30 ildir Azərbaycanda olsa da, bu növdə qızıl medal qazanan yox idi. İlk "qızıl"ı ölkəmizə Vüsalla mən gətirdim. İnanıram ki, bu cür nailiyyətlər çox olacaq. Bizə belə şərait yaradıldığı üçün Prezident İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, eyni zamanda federasiyamıza təşəkkürümü bildirirəm".