Azərbaycan paralimpiyaçısı: "Qazandığım uğurların davamlı olması üçün çalışacağam"

Fərdi
  • 09 oktyabr, 2025
  • 17:25
Azərbaycan paralimpiyaçısı: Qazandığım uğurların davamlı olması üçün çalışacağam

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov qazandığı uğurların davamlı olması üçün çalışacaq.

İdmançı bu barədə "Report"a açıqlama verib.

O, Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Aybəniz Babayeva ilə birlikdə qarışıq komanda yarışında qazandığım gümüş mükafatdan (pnevmatik tapança) sonra özümə inamım daha da artdı. Ardınca 50 metr məsafəyə tapançadan atəşaçmada çıxış etdim. Bu növdə birinci yeri tutacağımı gözləyirdim. Amma cüzi fərqlə ikinci oldum və gümüş medal qazandım. 50 metr məsafə mənim üçün daha rahatdır. Amma gümüş mükafat da pis deyil. Demək olar ki, bundan sonrakı mübarizədə daha rahat idim".

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün birinci pilləsinə qalxan paralimpiyaçı həmin vaxt özünə çox inandığını söyləyib:

"Özümə çox güvənirdim. Birinci olacağımı düşünürdüm. Fikirləşirdim ki, itirəcəyim heç nə yoxdur. Bu, psixoloji addım idi. Sırf texnikamın hesabına rəqibləri geridə qoydum. Qazandığım uğurların davamlı olması üçün çalışacağam".

Son xəbərlər

Bütün Xəbər Lenti