AGF-nin baş katibi: "İsveçrənin Azərbaycandakı səfirliyinə dəstək olduğumuz üçün məmnunuq"
- 09 oktyabr, 2025
- 16:51

Azərbaycan Güləş Federasiyası (AGF) "İsveçrə Günləri 2025" ərəfəsində bu ölkənin ölkəmizdəki səfirliyinə dəstək verdiyi üçün məmnundur.
Bu barədə "Report"a AGF-nin baş katibi Pərvin Piriyev açıqlama verib.
O, hər iki ölkənin ənənəvi güləş növləri arasında bir sıra bənzərliklərin olduğunu söyləyib:
"Bunların araşdırılması, təkmilləşdirilməsi iki ölkə arasında mədəniyyətlərarası dialoqa töhfə verə bilər. İsveçrə səfiri ilə görüş zamanı birgə əməkdaşlıq barədə danışdıq. İdmançıların mübadiləsi, bilik-bacarıqlarının artırılmasından bəhs etdik. İnanırıq ki, həftəsonu güləşçilərin "İsveçrə Günləri 2025" ərəfəsində çıxışları böyük marağa səbəb olacaq".
Baş katib Azərbaycan güləşçilərinin gələcəkdə İsveçrəyə səfərini də istisna etməyib:
"Hər bir təşkilatın öz strategiyası var. Biz də ənənəvi güləş növlərinin inkişafını nəzərdə tutmuşuq. Bu və ya digər tərəfdaşlıq əlaqələrinin qurulması, gələcəkdə başqa ölkələrin ziyarət olunması, onların təcrübələrinin öyrənilməsi fəaliyyət planımızda əksini tapacaq".