Zəngilanda indiyə qədər 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

Energetika
  • 20 oktyabr, 2026
  • 11:27
Zəngilanda indiyə qədər 215 milyon kVts yaşıl enerji istehsal edilib

Zəngilan rayonunda istismara verilmiş su elektrik stansiyalarında indiyə qədər 215 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub.

"Report" xəbər verir ki, bunu "Azərenerji" ASC Zəngilanın işğaldan azad edilməsinin 6-cı ildönümü münasibəti ilə yaydığı məlumatda bildirib.

Məlumata görə, bunun nəticəsində 47 milyon kubmetr təbii qaza qənaət edilib, 90 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

"Bu gün Şəhər Günü qeyd olunan Zəngilan işğaldan azad edildikdən sonra həyata keçirilən enerji layihələri sayəsində Azərbaycanın yaşıl enerji mərkəzlərindən birinə çevrilir.

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə inşa olunan ən böyük su elektrik stansiyaları silsiləsi Zəngilanda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşir. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən kaskad üsulla inşa edilən silsiləyə hər birinin gücü 10,5 meqavat olan Cahangirbəyli, Zəngilan, Şayıflı və Sarıqışlaq su elektrik stansiyaları daxildir. Ümumi gücü 42 meqavat olan stansiyalar 2023–2024-cü illərdə istismara verilib.

İstehsal olunan enerjinin təxminən 40 %-i işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilir, qalan 60 %-i isə ölkənin ümumi enerji sisteminə ötürülür. Beləliklə, Zəngilanın su elektrik stansiyaları həm regionun enerji təminatına, həm də Azərbaycanın yaşıl enerji istehsalının artırılmasına mühüm töhfə verir.

İşğaldan azad edilmiş ərazilərdə inşa olunan ilk 110 kV-luq yarımstansiyalardan biri də "Zəngilan" yarımstansiyasıdır. 2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən yarımstansiya azad edilmiş ərazilərin enerji infrastrukturunun bərpasında mühüm rol oynayıb", - deyə məlumatda qeyd olunub.

44 - Tezliklə