Azərbaycan rəqəmsal biznes əməliyyatlarına nəzarəti gücləndirməyi hədəfləyir
- 20 oktyabr, 2026
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal biznes əməliyyatlarına nəzarəti gücləndirməyi hədəfləyir.
"Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri sürətlə dəyişən biznes mühitində rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi ilə bağlı biznes proseslərinə düzgün, vaxtında və effektiv nəzarətin qurulmasıdır: "Burada bir tərəfdən dövlətin fiskal maraqları hər zaman qorunur. Digər tərəfdən isə inzibati və nəzarət orqanı olaraq qarşımızda duran əsas vəzifələrdən biri sürətlə dəyişən biznes mühitində biznes tranzaksiyalarının və əməliyyatlarının vaxtında və düzgün təhlilini təmin etməkdir".
"Burada dövlətin də komplayens tələblərinə əməl olunmasına dəstək göstərə bilməsi əhəmiyyətlidir. Digər tərəfdən, şəffaflığa nail olmaq üçün bizneslərin bir-birini yoxlaması ilə yanaşı, ictimai nəzarət sisteminin qurulması da vacibdir. Çünki xüsusilə vətəndaşlara xidmət göstərilməsi və malların vətəndaşlara göndərilməsi proseslərində, bildiyiniz kimi, əlavə dəyər vergisinin geri qaytarılması, nəzarət-kassa aparatlarının tətbiqi və istehlakçıların kassa çeklərini tələb etməsi mədəniyyəti formalaşıb. Bu da artıq qaydalara əməl etmək mədəniyyətinin yaranmasına gətirib çıxarıb. Komplayens biznes üçün biznes risklərinin qarşısını alan bir alətdirsə, bizim üçün vergi və hesabatlılıq mədəniyyətinin, ümumilikdə uçot və hesabatlılıq mədəniyyətinin artması deməkdir",- deyə vergi rəsmisi əlavə edib.