"Yaşıl Enerji Dəhlizi"nin yaradılması üzrə mühüm razılaşmalar əldə olunub
- 14 noyabr, 2025
- 17:58
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Yaşıl Enerji Dəhlizi"nin yaradılması üzrə nazirlərin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə texniki-iqtisadi əsaslandırmanın martın sonuna qədər tamamlanması, növbəti mərhələdə layihənin inkişafı istiqamətində "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti"nin (GECO) həyata keçirəcəyi tədbirlər razılaşdırılıb: "Həmçinin Hökumətlərarası Sazişin konsepsiyasına uyğun olaraq, "Yaşıl Enerji Dəhlizi" və "Qara Dəniz Sualtı Kabel" layihələri arasında transsərhəd ötürmə qabiliyyətinin və regional enerji əlaqəliliyinin artırılması üçün texniki, strateji sinerjilərin araşdırılması və inkişaf etdirilməsi barədə anlaşma əldə olundu. Bu məqsədlə nazir müavinlərindən və GECO nümayəndələrindən ibarət İşçi Qrupuna müvafiq təkliflər hazırlamaq və növbəti iclasda təqdim etmək tapşırıldı", - deyə o qeyd edib.