Yanvarda Azərbaycanda qaz hasilatı 4 % artıb

Energetika
  • 13 fevral, 2023
  • 09:14
Yanvarda Azərbaycanda qaz hasilatı 4 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, ötən ilin müvafiq dövrünə nisbətən 4 %, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.

Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Xatrırladaq ki, ölkədə qaz hasilatı əsasən Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından həyata keçirilir. "Şahdəniz"perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.