TANAP ilə 100 milyard kubmetrə yaxın qaz nəql edilib
- 12 iyun, 2026
- 10:26
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bu gün TANAP-ın istifadəyə verilməsindən 8 il ötür. 12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.