Umerov: Rusiya ilə əsas məsələlərlə bağlı əhəmiyyətli fikir ayrılıqlarımız qalmaqdadır
- 11 noyabr, 2026
- 18:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Əbu-Dabidəki üçtərəfli danışıqlarda əsas nailiyyət Ukrayna və Rusiya arasında genişmiqyaslı əsir mübadiləsi barədə razılaşma olub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov teleqram kanalında yazıb.
"BƏƏ-də iki günlük danışıqları başa çatdırdıq. Əsas nəticə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlməyimizdir. Hazırda detalların razılaşdırılması və mübadilənin praktiki həyata keçirilməsi üzərində işləyirik. İnsanlarımızın evə qayıtması əsas prioritetlərdən biri olaraq qalır. Hər bir ukraynalının ən qısa zamanda əsirlikdən qayıtması üçün əlimizdən gələni edirik", - o vurğulayıb.
Bununla belə, əsas məsələlər üzrə Kiyev və Moskva arasında fikir ayrılıqları qalmaqdadır.
"Ukrayna-ABŞ-Rusiya üçtərəfli formatında sülhün əldə olunması və müharibədən sonrakı bərpa məsələləri müzakirə edildi. Buna doğru ilk addım müharibənin dayandırılması və Ukrayna üçün təhlükəsizlik zəmanətləri olmalıdır.
Bu iki gün ərzində tərəflər əhəmiyyətli fikir ayrılıqlarının qaldığı öz mövqelərini birbaşa ifadə edə bildilər. Qarşıda hələ çox mürəkkəb iş var, lakin danışıqlar prosesini davam etdirmək üçün imkanlar mövcuddur", - Umerov deyib.