Sunniya Durrani-Camal: "Azərbaycana aydın enerji keçidi planı lazımdır"
- 29 oktyabr, 2025
- 14:35
Azərbaycanın aydın enerji keçidi planına ehtiyacı var.
"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən XIII Beynəlxalq Xəzər Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, enerji siyasəti baxımından ADB qazı keçid yanacağı kimi qiymətləndirir.
"Artıq qeyd etdiyim kimi, biz "Şahdəniz" qaz yatağına və onunla əlaqəli Cənub Qaz Dəhlizinə investisiya yatırmışıq. Buna görə də qaz keçid yanacağı kimi həqiqətən də önəmlidir. Lakin vurğulamaq istərdim ki, Azərbaycan üçün karbohidrogen ixracı həm də iqtisadiyyatın şaxələndirilməsi haqqında hekayədir, çünki ölkənin ixrac gəlirlərinin əhəmiyyətli hissəsini məhz o təşkil edir. Buradan belə bir sual yaranır: Azərbaycan yanacaqdan başqa daha nə ixrac edə bilər?", - S.Camal bildirib.
Nümayəndəlik rəhbəri hesab edir ki, enerji keçidi ədalətli olmalıdır.
"Tədricən keçid üçün aydın bir plan lazımdır. Lakin mən ixracı daha geniş mənada nəzərdən keçirməyi tövsiyə edərdim. Energetikada başqa istiqamətlər də var. Məsələn, geotermal enerji - onu inkişaf etdirməyə, bu potensialı araşdırmağa dəyərmi? Həmçinin böyük töhfə verə biləcək kritik önəmli faydalı qazıntı sahəsi də var. İqtisadi şaxələndirmə nöqteyi-nəzərindən təkcə yanacaq-energetika sektoruna deyil, onun hüdudlarından kənara da baxmaq lazımdır və bu zaman uzunmüddətli tələb nəzərə alınmalıdır - məhz bu istiqamətlərdə qlobal səviyyədə maraq və tələbin artdığını müşahidə edirik. Buna görə də qazdan əlavə, iqtisadiyyatın digər sektorlarına da diqqət yetirməyi tövsiyə edərdim", - S.Camal əlavə edib.