STAR zavodu xam neft idxalını 13 %-dək azaldıb
- 28 fevral, 2023
- 10:23
2022-ci ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 792 min 435 ton xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 115 min 326 ton və ya 12,7 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 21,11 %-i deməkdir.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında STAR Neft Emalı Zavodu 907 min 761 ton xam neft idxal edib.
Hesabat dövründə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 267 min 026 ton xam neft idxal edilib. Bu, 2021-ci ilin dekabr ayının göstərici ilə müqayisədə 713 min 334 ton və ya 23,9 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.