SOCAR Pakistana hər ay LNG tədarük edə bilər

Energetika
  • 25 yanvar, 2023
  • 11:31
SOCAR Pakistana hər ay LNG tədarük edə bilər

Azərbaycan Dövlət Neft şirkəti (SOCAR) Pakistana hər ay bir partiya mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edə bilər.

Bu barədə “Report” Pakistanın “Business Recorder” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, Pakistanın Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi bu ölkənin “LNG Limited (PLL)” şirkəti ilə SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” ilə hər ay bir partiya LNG-nin tədarükü ilə bağlı imzalanmış sazişi təsdiqləməyə hazırdır.

Belə ki, Pakistan Dövlət Neft Şirkəti (PSO) və “LNG Limited (PLL)” şirkəti uzunmüddətli LNG tədarükü müqavilələri çərçivəsində LNG idxal edir. Pakistan imzalanmış üç müqavilə çərçivəsində qaz tələbi və tədarükü arasındakı fərqi minimuma endirməyə çalışır.

Qeyd edək ki, ilk uzunmüddətli müqavilə PSO ilə “Qatar Gas” şirkəti ilə 2015-ci ildə 15 il müddətinə aylıq beş yük partiyasını 13,37 % qiyməti ("Brent" markasına əsasən) ilə imzalanıb.

İkinci saziş PSO və “Qatar Gas” şirkətləri arasında 2021-ci ildə on il müddətinə 10,2 % qiymətə imzalanıb. Bu sazişə əsasən “Qatar Gas” iyulun 22-dən dekabrın 23-dək ayda üç, 2024-cü ilin yanvar ayından isə 2032-ci ilin dekabrına qədər hər ay dörd tədarük həyata keçirməlidir.

Bundan başqa, “LNG Limited (PLL)” ilə "Eni" şirkəti arasında 2017-ci ildə 12,05 % qiyməti ilə müqavilə imzalanıb. Bu sazişə əsasən "Eni" 15 il ərzində ayda bir yük çatdıracaq. Bundan əlavə, PLL mövsümi pik tələbatı ödəmək üçün vaxtaşırı keçirilən spot ticarət vasitəsilə ayda 3-ə qədər LNG partiyasını idxal edir.

Eyni zamanda, “LNG Limited (PLL)” müxtəlif ölkələrlə hökumətdən-hökumətə (G2G) razılaşmalar vasitəsilə LNG həcmlərinin mövcudluğunu da araşdırır. Bununla əlaqədar, 28 fevral 2017-ci il tarixində Pakistan və Azərbaycan hökumətləri, “LNG Limited (PLL)” və SOCAR arasında enerji sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. “SOCAR Trading” şirkəti LNG layihəsi üçün müqavilənin zəruri detallarını razılaşdırmaq üçün təyin edilib.

Qeyd edək ki, təklif olunan Çərçivə Sazişində heç bir xüsusi qiymət düsturu yoxdur və LNG-nin qiyməti hər bir yük üçün ABŞ dolları/MMBtu ilə SOCAR tərəfindən müəyyən ediləcək. PLL təklif olunan qiyməti mövcud beynəlxalq qiymətə görə qiymətləndirəcək və həmçinin istehlakçılara (enerji sektoru) mövcudluğu təmin etmək üçün məsləhət verəcək.