SOCAR nümayəndə heyəti Yaponiyada beynəlxalq konfransa qatılıb

Energetika
  • 05 dekabr, 2016
  • 12:15
SOCAR nümayəndə heyəti Yaponiyada beynəlxalq konfransa qatılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Noyabrın 27-dən dekabrın 3-dək Tokio və Yokohama şəhərlərində Yaponiya Neft, Qaz, Metal və Geotermal Enerji üzrə Korporasiyası (JOGMEC) tərəfindən təşkil edilmiş “Texnoforum-2016” beynəlxalq konfransı keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bir sıra ölkələrin dövlət rəsmiləri, Yaponiya su, torpaq, həyat problemləri İnstitutu (JAMSTEC), Vaseda Universiteti, “Сhioda Corporation”, JOGMEC, “İnpex”, “İtochu”, “Total”, “Qazprom” şirkətlərinin, müxtəlif dövlət orqanları və özəl təşkilat nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın Yaponiyadakı səfirliyi, SOCAR və “SOCAR Upstream” şirkətləri də təmsil olunub. 

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda çıxışında Azərbaycanın həm quruda, həm də dənizdə neft hasilatının pioneri olduğunu qeyd edib, neftvermə əmsalının artırılmasının perspektiv metodları, xüsusilə də quruda tədqiqat işlərinin intensivləşdirilməsi ilə yüksək qalıqlı neftlə doymuş yataqlarda neftvermənin artırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib, eləcə də son nailiyyətlərdən, Azərbaycanda yaradılmış pozitiv sərmayə mühitindən söz açıb. Konfransda Xəzər dənizinin Azərbaycan sektorunda istifadə olunan müasir texnologiyalar və “Əsrin müqaviləsi”nə həsr olunmuş video materiallar təqdim edilib.

SOCAR nümayəndələri konfrans çərçivəsində “İnpex” şirkətinin prezidenti Toşiaki Kitamura, Vaseda Universitetinin professoru Kurihara, “İtochu” şirkətinin prezidenti Masahiro İmai və digər şirkətlərin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, o cümlədən Vaseda Universitetinin professorlarının Bakı Ali Neft Məktəbində mühazirələr oxuması, daha dörd SOCAR mütəxəssisinin Yaponiyada təcrübə keçməsi ilə bağlı məsələlər müzakirə olunub. SOCAR nümayəndələri Yokohama şəhərində JAMSTEC institutunu ziyarət edib, bu qurumun icraçı direktoru Vataru Azuma və digər rəhbər şəxslərlə görüşüblər. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində keçirilən görüşdə əməkdaşlıq, yapon iştirakçıların maraqlı olduqları layihələrin maliyyələşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, gələn ilin əvvəlində texnoforumun region bazarının iştirakçıları üçün Azərbaycanda təşkil olunmasının mümkünlüyü müzakirə edilib.