SOCAR neft hasilatı üzrə proqnoz tapşırığı 102,8 % yerinə yetirib

Energetika
  • 07 oktyabr, 2021
  • 13:25
SOCAR neft hasilatı üzrə proqnoz tapşırığı 102,8 % yerinə yetirib

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istismar etdiyi yataqlardan 7 milyon 407,2 min ton neft hasil edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.

Hesabata əsasən, bununla da proqnoz tapşırığı 201,4 min tondan çox olmaqla 102,8 % yerinə yetirilib. 2019-cu il ilə müqayisədə ötən ildə 275,9 min ton az neft hasil edilib.

2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 23 milyon 555,5 min ton, “Şahdəniz” üzrə 3 milyon 576,2 min ton kondensat hasil edilib.

Qeyd edək ki, ötən il respublika üzrə 34,5 milyon ton neft hasil olunub. 2019-cu il ilə müqayisədə neft hasilatı 2,9 milyon ton az olub.

2020-ci ildə hasil edilmiş neftin 95,7 %-i keçici fond quyularının, 3,4 %-i yeni quyuların, 0,8 %-i isə fəaliyyətsiz fonddan alınan quyuların payına düşür. Ümumi neft hasilatının 21,7 %-i fontan, 56,8 %-i qazlift, 21,5 %-i dərinlik nasosu üsulunun payına düşür.

44 - Tezliklə