SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 41 %-dən çox artırıb

Energetika
  • 30 iyun, 2025
  • 17:30
SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 41 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 87 min 496 tondan çox mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 25 min 676 ton və ya 41,5 % çoxdur.

Yalnız aprel ayında STAR NEZ tərəfindən 18 min 910 tona yaxın LPG istehsal edilib. Bu da bir il öncəki göstərici ilə müqayisədə 2 min 293 ton və ya 13,8 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə fəaliyyət göstərən neft emalı zavodları tərəfindən ümumilikdə 352 min 817 tondan çox LPG istehsal edilib ki, bu da 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 33 min 828 ton və ya 8,9 % çoxdur.

Apreldə neft emalı zavodları ümumilikdə 94 min 581 tondan çox LPG istehsal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 7 min 720 ton və ya 11 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.