SOCAR-ın Rusiyadakı törəmə şirkətinin aktivlərinin dəyəri açıqlanıb
- 28 iyun, 2024
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı törəməsi olan “SOCAR Rus” şirkətinin ümumi aktivləri 168 milyon manat təşkil edib.
“Report” bu barədə SOCAR-ın 2023-cü il üzrə konsolidasiya edilmiş hesabatına istinadən xəbər verir.
“2023-cü il dekabrın 31-nə olan məlumata görə, SOCAR-ın Rusiyadakı törəmə müəssisəsinin ümumi aktivləri və öhdəlikləri müvafiq olaraq 168 milyon və 153 milyon manat təşkil edib. Aktivlər əsasən ticarət debitor borclarından və ehtiyatlardan ibarət olub. Öhdəliklər əsasən ticarət kreditor borclarından və qısamüddətli borclardan ibarət idi”, - deyə maliyyə hesabatında qeyd olunub.
Bundan başqa, 2023-cü il dekabrın 31-nə olan məlumata görə, şirkətin Rusiyada üçüncü tərəflərə borclarının digər qalıqları var idi. Söhbət 4,495 milyon manat məbləğində Rusiya banklarına və müəssisələrinə olan kreditlər üzrə borclardan gedir.
Hesabatda vurğulanıb ki, Qərbin Rusiyaya qarşı sərt sanksiyalarına baxmayaraq, Rusiya iqtisadiyyatında vəziyyət qənaətbəxşdir. “Bu, Rusiya üçün əsas gəlir mənbəyi olan neft-qazın qiymətlərinin artması və Rusiya üçün karbohidrogen ixracının həcminin sabitliyini müəyyən dərəcədə qoruyan qlobal neft və qaz nəqli marşrutlarında vəziyyətin düzəlməsi ilə bağlıdır”.