SOCAR enerji səmərəliyinin artırılması təcrübəsini region ölkələri ilə bölüşəcək
- 11 sentyabr, 2025
- 15:22

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) enerji səmərəliyinin artırması üzrə təcrübəsini region ölkələri ilə bölüşəcək.
"Report" xəbər verir ki, bunu "SOCAR Green"nin Baş direktoru Elmir Musayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, "SOCAR Green" ümumi gücü 1,7 giqavat olan inkişaf portfelinə malik nisbətən yeni bir şirkətdir: "Biz Yaxın Şərq, Çin, Avropa şirkətləri ilə eyni zamanda bu tədbirdə iştirak edən "ACWA Power" şirkəti ilə əməkdaşlıq edirik. Layihələrimizə gəlincə, qeyd etdiyim fəaliyyət həcminə günəş və külək, dəniz layihələri, karbontutma layihələri, "yaşıl hidrogen", geotermal enerji və enerji səmərəliliyi ilə müşayiət olunan su səmərəliliyi ilə bağlı layihələr daxildir".
Dünən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə enerji səmərəliliyi layihəsi üzrə imzalanan müqaviləni xatırladan E. Musayev artıq agentlik üçün hərtərəfli təhlil apardıqlarını vurğulayıb: "Növbəti mərhələdə əhəmiyyətli enerji səmərəliyinə gətirib çıxaracaq hərtərəfli iş aparmaq istəyirik. Bu, enerji səmərəliliyi, səmərəli avadanlıq və tətbiq ediləcək yeni texnologiyalar sayəsində su səmərəliyi ilə müşayiət olunacaq. Beləliklə biz həddindən artıq enerji istifadəsini azaldacaq və ya aradan qaldıracaq, həmçinin suya qənaət edəcəyik beləliklə, artıq su nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilməyəcək"
O bildirib ki, təmsil etdiyi şirkət ADSEA ilə quruda külək, suda üzən və ya sabit günəş panelləri və batareya enerji saxlama həllini əhatə edəcək pilot hibrid layihəni həyata keçirməyi planlaşdırır: "Dünən iki qurum arasında bu barədə niyyət məktubu imzalanıb. Burada agentlik alıcı olacaq. Bu, birbaşa həm agentliyin, həm də şirkətin dekarbonizasiyasına töhfə verəcək. Biz artıq texniki icmal aparırıq və kifayət qədər nikbinik. Düşünürəm ki, bu pilot layihə uğurlu olduğunu sübut edən kimi, biz ADSEA ilə əməkdaşlıq edəcəyik ki, bu da qarşılıqlı faydalı olmalıdır".
E. Musayev hesab edir ki, təcrübə uğurlu olduğunu sübut edən kimi, bu nou-hau, bu təcrübəni daha geniş regiona yaymaq mümkün olacaq: "Çünki Mərkəzi Asiyada olduğu kimi, qonşu ölkələr, hamımız keçmiş Sovet İttifaqının infrastruktur mirasına sahibik. Səmərəsizliyin çox hissəsi bu köhnəlmiş infrastrukturdan qaynaqlanır. Buna görə də, sadəcə düzgün idarəetmə və təhlil ilə yeni texnologiyaları tətbiq edərək, bir çox yaxşı nəticələrə nail ola bilərik. Bu pilot layihəni tamamladıqdan sonra, onu Azərbaycandakı digər obyektlərə yaya bilərik. Eyni zamanda, bu yanaşmanı Mərkəzi Asiyada və qonşu ölkələrdə tətbiq edə bilərik".