SOCAR ABŞ banklarından cəlb etdiyi krediti vaxtından əvvəl qaytarıb

Energetika
  • 13 mart, 2024
  • 11:27
SOCAR ABŞ banklarından cəlb etdiyi krediti vaxtından əvvəl qaytarıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Citi” və “JP Morgan” banklarından cəlb etdiyi 1,3 milyard ABŞ dolları dəyərində olan sindikatlaşdırılmış krediti vaxtından iki il əvvəl qaytarıb.

“Report”un məlumatına görə, bunu “Reuters” agentliyi bazardakı vəziyyətlə tanış olan üç bank və ticarət mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ banklarından götürülən kreditin tam olaraq ödənilməsi SOCAR-ın Rusiyanın “Lukoil” şirkətindən təxminən analoji məbləğdə borc [1,5 milyard ABŞ dolları] alması ilə eyni vaxta təsadüf edir.

Belə ki, “Citi”, “JP Morgan” və SOCAR ABŞ bankları tərəfindən verilən kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı şərh verməkdən imtina ediblər. “Lukoil” və SOCAR Rusiya neft şirkətinin krediti ilə bağlı sorğusuna cavab verməkdən imtina ediblər.

Nəşrin mənbələri bildiriblər ki, hər hansı bir razılaşmanın Rusiya ilə iş aparan şirkətlərə qarşı ABŞ-ın və ya digər maliyyə sanksiyalarını pozduğuna dair heç bir ehtimallar olmayıb. Bununla belə, mənbələr bildiriblər ki, vaxtından əvvəl ödəniş Moskvaya dünyanın digər neft emalı zavodlarının Rusiya neftindən çəkindiyi bir vaxtda Türkiyənin STAR neft emalı zavodundan əsas uzunmüddətli müştərisi olan SOCAR-a neft satışını bərpa etməyə imkan verib.

Sövdələşmələr zamanı SOCAR həmçinin STAR neft emalı zavodu üçün ötən il dayandırdığı Rusiya neftinin alışını bərpa edib.

"Citi" və "JPMorgan"ın rəhbərlik etdiyi sindikat krediti "SOCAR Türkiyə"yə 2021-ci ildə beş il müddətinə ayırıb.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci ildə inşa edilib və gündəlik 200 min barel emal edə bilir ki, bu da onu son illərdə Avropada tikilmiş ən böyük neft emalı zavodlarından birinə çevirir. Türkiyə 2022-ci ildə beynəlxalq sanksiyalar tətbiq edildikdən sonra Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. Hindistan və Çin də Rusiya neftinin əsas idxalçılarındandırlar.