“Şəfəq-Asiman”da qazılmış ilk quyunun bütün məlumatlarının təhlili başa çatıb

Energetika
  • 09 fevral, 2023
  • 12:51
“Şəfəq-Asiman”da qazılmış ilk quyunun bütün məlumatlarının təhlili başa çatıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan əldə edilmiş bütün məlumatların təhlili başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə yaydığı hesabatda qeyd edilib.

Hesabata görə, hazırda nəticələrin interpretasiyası davam edir.

Bildirilir ki, “Şəfəq-Asiman” dəniz blokunda SAX01 kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb: “Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Bu interpretasiya karbohidrogen ehtiyatlarını dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır”.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.