“Şahdəniz” yatağından I rübdə qaz hasilatının həcmi açıqlanıb
- 01 may, 2025
- 14:46
Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından ümumilikdə (“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları ilə birlikdə) təqribən 7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (8 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin I rübündəki göstərici ilə müqayisədə eyni səviyyədə qalıb.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 76,4 milyon (illik 27,9 milyard) standart kubmetr təşkil edir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) şirkətləri iştirak edir.