Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb

Region
  • 21 iyul, 2026
  • 00:59
Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb

Güclü yağış Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi ərazilərində küçələri su basıb, Vazisubani qəsəbəsində isə su yaşayış binalarının zirzəmilərinə dolub.

Paytaxtın müxtəlif hissələrində yolların su altında qalması avtomobillərin hərəkətini çətinləşdirib.

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-dən 21-nə keçən gecə Tbilisi və ətraf ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.

Proqnoza əsasən, şimşək çaxacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi ehtimal olunur.

Agentlik xəbərdarlıq edib ki, güclü yağıntılar kiçik çaylarda qəfil daşqınlara, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə və selin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar orta təhlükə səviyyəsi elan edilib.