“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 11 %-ə yaxın azalıb

Energetika
  • 05 noyabr, 2024
  • 11:31
“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 11 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə əməliyyat xərcləri təxminən 1 milyard 780 milyon ABŞ dolları, əsaslı xərclər isə 582 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Əməliyyat xərcləri 2023-cü ilin müvafiq dövründən 42 milyon ABŞ dolları və ya 2,4 % çox, əsaslı xərclər isə 71 milyon ABŞ dolları və ya 10,9 % az olub.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.