“Şahdəniz”də kəşfiyyat quyusunun qazılmasının başlama vaxtı açıqlanıb
- 18 iyul, 2022
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"İlin sonunadək “Şahdəniz” qaz-kondensat yatağında kəşfiyyat quyusunun qazılmasına başlamaq planlaşdırılır".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Kəşfiyyat quyusu indiyədək qazma işləri aparılmayan və layihənin gələcək inkişafı üçün kifayət qədər məlumatın olmadığı yerdə qazılacaq”, - B.Aslanbəyli bildirib.
Onun sözlərinə görə, kəşfiyyat quyusu ilə bağlı məlumatları əldə etdikdən və təhlil etdikdən sonra yatağın işlənməsinin gələcək mərhələləri barədə danışmaq olar.
Xatırladaq ki, 2007-ci ilin noyabr ayında “Şahdəniz” layihəsinin operatoru BP böyük qaz-kondensat quyusunun açılması haqqında məlumat verib. Söhbət Bakıdan təxminən 70 kilometr cənub-şərqdə yerləşən SDX-04 qiymətləndirmə və kəşfiyyat quyusundan gedir. Burada aktiv layın altında daha dərin strukturda yeni yüksək təzyiqli təbəqə aşkar edilib.
SDX-04 qiymətləndirmə quyusu yatağın cənub-qərb hissəsində Xəzər dənizi üçün rekord səviyyədə, 7 300 metr dərinlikdə qazılıb.
Görünür, hazırda BP Xəzər dənizinin bu məhsuldar hissəsini, onun texniki parametrlərini araşdırmağa və ehtiyatlarını qiymətləndirməyə start verir.