Nigar Arpadarai: "Azərbaycanda ərzaq təhlükəsizliyi suyun səmərəli istifadəsindən asılıdır"

ASK
  • 16 oktyabr, 2026
  • 10:47
Nigar Arpadarai: Azərbaycanda ərzaq təhlükəsizliyi suyun səmərəli istifadəsindən asılıdır

Azərbaycan üçün ərzaq təhlükəsizliyi su ehtiyatlarından səmərəli istifadə, fermerlərə dəstək və kənd təsərrüfatı sahəsinin rəqabət gücünün artırılması ilə bilavasitə əlaqədardır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ADA Universitetində keçirilən 'Ümumdünya Ərzaq Günü 2026" adlı tədbirdə bildirib.

O qeyd edib ki, bəşəriyyət dərin bir ziddiyyətlə üz-üzədir: "Milyonlarla insan yetərli və qidalı qidaya çatmaq uğrunda mübarizə apararkən, böyük həcmdə ərzaq itkiyə məruz qalır və ya hədər olur. Biz yalnız istehsal problemi ilə qarşılaşmırıq – çıxış imkanları, paylanma mexanizmləri, davamlılıq və resursların idarə edilmə prinsipi ilə bağlı ciddi çətinliklərlə üzləşirik. Aclıq labüd bir tale deyil. Bu, siyasətlərimiz, kapital qoyuluşlarımız, texnoloji həllərimiz və ortaq qərarlarımız vasitəsilə aradan qaldırılmalı olan bir problemdir".

N.Arpadarainin fikrincə, ərzaq təhlükəsizliyinə dövlət strategiyası və iqtisadi dözümlülük prizmasından yanaşılmalıdır: "COP29-un iqlim çempionu qismində, mən bunu iqlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edirəm. Bu gündəliklər bir-birindən təcrid olunmuş deyil, onlar mahiyyətcə bir-birinə bağlıdır. Ərzaq təhlükəsizliyi iqlim təhlükəsizliyi deməkdir və iqlim dayanıqlılığı həyatımızı təmin edən sistemlərdən başlanmalıdır. Azərbaycanın təcrübəsi bu qarşılıqlı əlaqəni olduqca aydın şəkildə ortaya qoyur. Ölkəmiz kənd təsərrüfatı ənənələri, rəngarəng coğrafi landşaftları və möhkəm kənd istehsal mədəniyyəti baxımından zəngin potensiala malikdir. Kənd təsərrüfatı bölgələrimizdə insanların güzəranını və icma həyatını dəstəkləyir, lakin eyni zamanda biz su çatışmazlığı, torpaq deqradasiyası, havanın istiləşməsi və kənd təsərrüfatı məhsuldarlığına artan təzyiq kimi ciddi problemlərlə qarşı-qarşıyayıq".

44 - Tezliklə