IsDB və Dünya Bankı inkişaf layihələrinin maliyyələşdirilməsini genişləndirəcək

Maliyyə
  • 16 oktyabr, 2026
  • 10:53
IsDB və Dünya Bankı inkişaf layihələrinin maliyyələşdirilməsini genişləndirəcək

İslam İnkişaf Bankı (IsDB) və Dünya Bankı hər iki təşkilatın ümumi üzvü olan dövlətlərdə institusional qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və dayanıqlı inkişaf sahəsində layihələrin birgə maliyyələşdirilməsi həcminin artırılmasına yönəlmiş iki saziş imzalayıb.

"Report"un IsDB-yə istinadən verdiyi məlumata görə, sənədlərin imzalanması Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il yaz görüşləri çərçivəsində IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir və Dünya Bankı Qrupunun prezidenti Acay Banqa arasında baş tutub.

İmzalanmış sənədlər paketi ilə 2026-2028-ci illər üçün Birgə Fəaliyyət Planı ilə dəstəklənən Anlaşma Memorandumunun müddətinin 2028-ci ilin oktyabrınadək uzadılması nəzərdə tutulur. Planda əsas diqqət birgə maliyyələşdirməyə, özəl sektorun inkişafına dəstək verilməsinə, ekspert biliklərinin mübadiləsinə və institusional potensialın artırılmasına yönəldilir.

Bundan başqa, birgə layihələrin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, əməliyyat prosedurlarının sadələşdirilməsinə və təşəbbüslərin hazırlanma keyfiyyətinin yüksəldilməsinə yönəlmiş birgə maliyyələşdirmə haqqında çərçivə sazişi imzalanıb.

Daha əvvəl imzalanmış memorandum çərçivəsində birgə maliyyələşdirmənin ümumi həcmi 9,5 milyard ABŞ dollarını ötüb, ancaq ilkin olaraq müəyyən edilmiş hədəf göstəricisi 6 milyard ABŞ dolları təşkil edirdi. Yeni saziş iştirakçı ölkələrdə əsas proqramların həyata keçirilməsi üçün əlavə resursların cəlb edilməsinə yönəlib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən hər iki təşkilatın tərkibinə daxildir.

44 - Tezliklə